Haqqımızda

Advermə (neyminq) xüsusi məsuliyyət tələb edən ciddi və mürəkkəb yaradıcılıq prosesidir. Axı hər şey addan başlayır.

Haqqımızda

GECƏLƏR BOY ATAN ZƏRİV OTLARIN

XƏFİF PIÇILTISIN EŞİTMƏK GƏRƏK...

(Ən vacib müsahibə)

 -Teymur müəllim, özünüzü tanıdığınız kimi tanıtmaq nə zaman mümkün olmur? Yəni insanlar nə zaman inanmazlar?

-Məncə, insanın özünü tanıdığı kimi başqalarına tanıtması mümkün deyil. Heç buna ehtiyac da yoxdur. Mənim timsalımda müəyyən həyat təcrübəsinə malik olan bir insan təcəssüm olunub. Mənim müəyyən nailiyyətlərim var. Hər kəs kimi, mənim də nöqsanlarım var. Habelə, mənim ötən illərdə yol verdiyim və heç vaxt düzəldə bilməyəcəyim səhvlərim var. Deməli, düşündüyüm sima anlamında mən hələ də olmalı olduğum yerdə deyiləm.

Başqa sözlə, hələ mən özümü şərhsiz tanıtdıra bilmək səviyyəsinə gəlməmişəm. Belə olsaydı, hər kəs görən kimi, hə, bu odur, deyərdi. Məni tanımırlarsa və özümü tanıtdıra bilmirəmsə, bu mənim qüsurum və bu mənim problemimdir. Ola bilsin ki, bu tanınma həddi elə gərəkli olan, real səviyyədədir. Sən özünü tam əminliklə tanımadan, bütün qüsur və üstünlüklərini tam qavramadan səni başqaları istədiyin kimi anlamayacaq və tanımayacaq.

Hamının tanıya biləcəyi və olduğu kimi qəbul edəcəyi o kəslərdir ki, onların adı gələndə görülən möhtəşəm işləri göz önündə canlanır. Belə simasından nur süzülür. İnsanların səni sən kimi qəbul etməsi və tanımaq istəməsi üçün sənin ən azı səmimi olmağın gərəkdir. Məhz sənin bu səmimiyyətin ətrafla sənin aranda ən etibarlı körpü olacaqdır. Səni tanmağa və etirafa doğru gedəcək yol ordan başlayır.

-Özünüzü necə təqdim edirsiniz?

-Mən... sadəcə... Teymur...Gözəl və məsuliyyətli bir addır. Amma hər kəs mənə Teymur müəllim deyə müraciət edir...Bəlkə də təmasda olduğum insanlarda nəyisə öyrətməyi öyrədə bilən bir insan təəssüratı doğururam. Buna xüsusi olaraq can atmıram. İstəyirlər, müəllim deyirlər...hətta ilk zamanlar mənə müəllim deyiləndə heç ali təhsilim belə yox idi... Mən həmişə deyirəm ki, indi yox, söhbətin və ya ünsiyyətin sonunda özüm barədə danışaram. Adətən, ünsiyyətin sonunda heç kəs məndən kim olduğumu soruşmaq belə istəmir. Çünki söbət zamanı həmsöhbətimin məni özümün təqdim etdiyim kimi deyil, özü tanımağa başladığı kimi qəbul edir. Amma müasir həyatda özünü qısa və mükəmməl xülasədə tanıda bilmək də zəruridir. Peşə fəaliyyəti üçün zəruridir. Çünki insanların səni öyrənməyə zamanları çox azdır, və ya heç yoxdur. Özünü təqdim etmək bacarığı sənin gələcək kommunikasiya uğurlarının vacib komponentidir.

Otlar gecələr boy atır. Piçilti ilə böyüyürlər.

Gözəl fikirlər kimi!

Ləyaqətli əməllər kimi!

Füsunkar adlar kimi!

BİR SƏTİR

Hər bir dildən insanın ən yaxşı tərcümanı onun işləri və əməlləridir.

t.m.